Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr şagirdlər üçün ekskursiya təşkil ediblər

Biologiya fakültəsində Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr pedaqoji təcrübə müddətində gənc nəslin maariflənməsi və elmi dünyagörüşünün formalaşması istiqamətində bilik və bacarıqlarını əsirgəmirlər.
Fakültənin Gənc İstedadlar Liseyində pedaqoji təcrübə keçən 172A qrup tələbələri lisey şagirdləri üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil ediblər. Ekskursiyanın əsas məqsədi şagirdlərin biologiya fənninə marağını artırmaq, onların nəzəri biliklərini praktik müşahidələrlə möhkəmləndirmək və təbiətə qayğı hissini formalaşdırmaq olub.
Ekskursiya zamanı şagirdlər Mərkəzi Nəbatat Bağının müxtəlif bitki kolleksiyaları ilə tanış olub, oranjereyada saxlanılan tropik və subtropik bitkilər haqqında məlumat əldə ediblər. Tələbələr şagirdlərə bitkilərin bioloji xüsusiyyətləri, yayılma arealları, ekosistemdə rolu və biomüxtəlifliyin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Belə maarifləndirici tədbirlər gələcək biologiya müəllimlərinin pedaqoji bacarıqlarının inkişafına, şagirdlərlə səmərəli ünsiyyət qurmaq vərdişlərinin formalaşmasına və onların müəllimlik peşəsinə daha dərindən hazırlanmasına xidmət edir. Eyni zamanda bu cür təşəbbüslər şagirdlərin elmə, təbiətə və ətraf mühitin qorunmasına marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
BDU-nun Biologiya fakültəsinin tələbələri pedaqoji təcrübə çərçivəsində yalnız nəzəri biliklərini tətbiq etmir, həm də gələcəyin sağlam düşüncəli, ekoloji məsuliyyətli və elmə maraqlı gənc nəslinin yetişməsinə öz töhfələrini verirlər.