Biologiya fakültəsinin tələbəsinin təşəbbüsü ilə “Art-Terapiya” master-klası keçirilib
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin II kurs tələbəsi Fatimə Sadıqzadənin təşəbbüsü ilə “Art-Terapiya” adlı unikal master-klass keçirilib. Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə baş tutan bu tədbir universitet müəllim və tələbələri üçün həm yaradıcılıq, həm də psixoloji rahatlıq imkanı yaradıb.
Gil vasitəsilə əl işləri hazırlamaq üzrə ixtisaslaşmış Fatimə Sadıqzadə bu sahədəki bilik və bacarığını iştirakçılarla bölüşüb. Təlim boyunca o, gil sənətinin incəliklərini nümayiş etdirərək hər kəsin fərdi yaradıcılıq potensialını üzə çıxarmağa kömək edib. Açıq havada keçirilən tədbirə müxtəlif fakültələrdən olan müəllim və tələbələr qoşulub. Yaradılan əl işlərindən ibarət sərgi təşkil olunub, tədbir boyu istirahət və rahatlıq hissi ön planda tutulub.
Tədbirə musiqi ilə xüsusi bir abu-hava qatılıb – canlı musiqi ifasını Biologiya fakültəsinin I kurs tələbəsi Hacıalı Mirismayıl təqdim edib. Master-klass yaradıcılığın, sənətin və psixoloji rahatlığın harmoniyasını nümayiş etdirərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.