Biologiya fakültəsinin tələbəsi TEDxBDU2025-də çıxış edib
12 mart tarixində TEDxBDU2025-in maraq doğuran məruzələrindən biri Biologiya fakültəsinin 190A qrup tələbəsi Nurgül Əlizadənin çıxışı oldu. O, "Həqiqət CO₂-dən daha çoxdur: Görünməz balansın görünən izi" adlı məruzəsi ilə diqqətləri üzərinə çəkdi. O, çıxışında karbon qazının (CO₂) yalnız ekoloji problemlərə səbəb olan bir element kimi deyil, həm də həyatın fundamental şərtlərindən biri kimi qəbul edilməsinin vacibliyini vurğuladı.
Nurgül Əlizadə çıxışında bildirdi ki, karbon qazı atmosferdə qlobal istiləşməyə, turşulu yağışlara, quraqlığa və şoranlaşmaya səbəb olsa da, həyatın özəyini təşkil edir. O, karbon dövranının tarixi və bioloji sistemlərdəki əhəmiyyətindən danışaraq, CO₂-nin yalnız günah keçisi kimi qəbul edilməsinin yanlış olduğunu qeyd etdi. Onun sözlərinə görə, biz bu qazın ikili təbiətini anlamaqla, onu daha effektiv idarə edə və ondan faydalanmağın yollarını araşdıra bilərik.
Məruzəçi vurğuladı ki, CO₂ həm təhlükə, həm də imkan mənbəyidir. Bu qaz bir tərəfdən ekoloji problemlərə səbəb olsa da, digər tərəfdən fotosintezin əsas komponentlərindən biri olaraq, planetimizdə həyatın davamlılığını təmin edir. O, alternativ enerji mənbələrinin, karbon tutma texnologiyalarının və iqlim dəyişikliyi ilə mübarizə strategiyalarının inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, balanslı yanaşmanın əhəmiyyətini vurğuladı.
Nurgül Əlizadə məruzəsinin sonunda auditoriyaya müraciət edərək dedi: "Həqiqət heç vaxt yalnız ağ və ya qara deyil. O, CO₂ kimi – mürəkkəb və eyni zamanda möcüzəvidir. Əsas məsələ onu düzgün başa düşmək və ondan ağıllı şəkildə istifadə etməkdir."
Tədbirin sonunda iştirakçılar Nurgül Əlizadə və digər spikerlərlə müzakirələr apararaq, onların fikirlərini daha dərindən anlamağa çalışdılar. TEDxBDU2025 bir daha göstərdi ki, yeni ideyalar paylaşmaq, elm və bilik vasitəsilə dünyanı dəyişdirmək mümkündür.