Biologiya fakültəsinin tələbəsi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qiraət müsabiqəsinin qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş qiraət müsabiqəsi keçirilib.
Filologiya fakültəsi üzrə TGT sədri Hümbət Bədəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət olduğunu bildirib. O qeyd edib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illik yubileyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub. Dahi şairin lirikasını öyrənmək tələbə-gənclərin mənəvi inkişafı baxımından əvəzsiz töhfədir.
Ümumilikdə 14 nəfərin iştirak etdiyi qiraət müsabiqəsində Biologiya fakültəsi 177A qrupunun tələbəsi Kəmaləddin Hüseynov birinci yerə çıxıb.
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu tələbələrin çıxışları ilə bağlı təəssüratlarını bölüşüb və qaliblərə sertifikat təqdib ediblər.