Biologiya fakültəsinin tələbəsi Koreyada tam təqaüdlü magistratura təhsilinə qəbul olunub
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin 2024-cü il məzunu, Biotexnologiya ixtisası üzrə fakültənin ilk buraxılış məzunlarından biri olan Şəhla Elnur qızı Həmidova Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Koreya Universitetində magistratura təhsili almaq hüququ qazanıb. O, “İctimai Səhiyyə (Cəmiyyət Sağlamlığı və Sosial Epidemiologiya)” ixtisası üzrə təhsilini davam etdirəcək.
Şəhla Həmidova Koreya Respublikasının beynəlxalq tam təqaüd proqramı olan “Global Korea Scholarship” (GKS) proqramının qalibidir. Bu proqram üzrə seçim bir neçə mərhələdən ibarət olub və müraciət edən yüzdən çox tələbə arasından yalnız beş nəfər son mərhələdə seçilib. Həmin beş nəfərdən biri Şəhla Həmidovadır.
GKS proqramı çərçivəsində dörd semestrlik təhsil haqqı, hər ay təxminən 1260 manat məbləğində aylıq təqaüd, sağlamlıq sığortası, gediş-gəliş xərcləri və viza dəstəyi daxil olmaqla bütün xərclər tam şəkildə maliyyələşdirilir.
Koreya Universiteti QS World University Rankings 2026 sıralamasında dünya üzrə 61-ci yerdə qərarlaşıb. Bu universitet həmçinin Cənubi Koreyanın ən tanınmış ali məktəblərindən biri hesab olunur və ölkənin "SKY" universitetləri adlanan akademik ittifaqının üzvüdür.
Şəhla Həmidova bakalavr təhsilini 92.32 bal ortalaması ilə başa vurub. İngilis və koreya dillərini C1 səviyyəsində bilir. IELTS 7.0 və TOPIK 5 sertifikatlarına malikdir. Həmçinin elmi fəaliyyətlə də məşğul olub və Almaniyanın “German International Journal of Modern Science” jurnalında “Managing the Evolution of Healthcare: Integrating Genetic Engineering into Modern Medicine” adlı məqaləsi dərc olunub.
Şəhla Həmidova Biotexnologiya ixtisası üzrə BDU-nun ilk məzunlarından biri kimi fakültənin yeni ixtisas istiqamətində yetişdirdiyi kadrlar arasında yer alır. Onun bu uğuru həm fərdi nailiyyətdir, həm də fakültənin və universitetin inkişafını əks etdirir.
BDU kollektivi olaraq Şəhla Həmidovanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.