Biologiya fakültəsinin tələbələri Qarabağa səfər ediblər

Biologiya fakültəsinin tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Qarabağ səfərində iştirak ediblər. Səfər Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müəllimi Sevinc Məmmədovanın rəhbərliyi ilə təşkil olunub.
Səfərin məqsədi tələbələrin azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olması, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və Qarabağla bağlı uzaqgörən siyasətinin gənc nəsil tərəfindən daha dərindən dərk edilməsidir.
Tələbələrin səfər marşrutu Ağdam şəhərindən başlayıb. Onlar Ağdam Cümə məscidini ziyarət edərək məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və hazırkı bərpa prosesi barədə məlumat alıblar. Ziyarət zamanı tələbələrin diqqətini cəlb edən əsas məqamlardan biri məscidin daxilində nümayiş etdirilən daş parçası olub. 2000-ci ilin mayında, işğal dövründə Ümummilli Lider Heydər Əliyevə təqdim edilən həmin daşın illər sonra bərpa olunmuş Ağdam Cümə məscidinə qaytarılması tələbələr tərəfindən tarixi yaddaşın və milli iradənin rəmzi kimi dəyərləndirilib.
Səfər çərçivəsində tələbələr Xankəndi şəhərində də olublar. Onlar burada Azərbaycanın suverenliyinin bərpasından sonra formalaşan yeni ictimai-siyasi reallıqlarla tanış olub, şəhərin ölkəmizin gələcək inkişaf xəritəsində tutduğu mühüm yer barədə məlumat əldə ediblər.
Daha sonra tələbələr Şuşa şəhərinə səfər ediblər. Şuşanın tarixi-mədəni abidələri, məscidləri və memarlıq nümunələri ilə tanışlıq gənclərdə zəngin mənəvi təəssürat yaradıb. Tələbələr Azərbaycanın mədəniyyət paytaxtında aparılan bərpa işlərini milli qürur və tarixi ədalətin bərpası kimi qiymətləndiriblər.
Səfər iştirakçıları bildiriblər ki, Qarabağa səfər onlar üçün yalnız tanışlıq xarakteri daşımayıb, həm də canlı tarix dərsi olub. Ağdamda keçmişin ağrıları, Şuşada Zəfərin əzəməti, Xankəndidə isə Azərbaycanın gələcəyinə inam tələbələrdə dövlətçilik düşüncəsinin və vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə xidmət edib.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan bu səfər gənclərin müstəqil Azərbaycanın, azad Qarabağın və bərpa olunan tarixi ədalətin mahiyyətini daha dərindən anlaması baxımından mühüm əhəmiyyət daşıyıb.