Biologiya fakültəsinin tələbələri pedaqoji internaturanı uğurla yekunlaşdırıblar
Təhsil sistemində tədris və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsi, etik dəyərlərə bağlılığı və praktik hazırlığından birbaşa asılıdır. BDU Biologiya fakültəsində “Biologiya müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 2025-ci ilin fevral ayında başladıqları pedaqoji təcrübəni uğurla başa vurublar.
17 fevral 2025-ci il tarixində start götürən təcrübəyə hazırlıq mərhələsi Biologiya fakültəsinin böyük akt zalında keçirilən genişmiqyaslı təlimlərlə müşayiət olunmuşdu. Təlimdə fakültə dekanı professor Afət Məmmədova, pedaqoji təcrübənin fakültə üzrə rəhbəri dosent Nəzakət Hüseynova və dekan müavini Kəmalə Əsədova çıxış edərək tələbələri ətraflı şəkildə məlumatlandırmış, təcrübənin məqsəd və əhəmiyyətini vurğulamışdılar.
Təlimlərdə metodist müəllimlər – dos. Əlisəfa Səmədov, dos. Zemfira Komaçkova, dos. İradə Babayeva, dos. Nailə Abdullayeva, müəllimlər Möhübbət Nəcəfli, Natavan Baxşəliyeva, Könül Hacıyeva, pedaqoq Afət Bayramova və psixoloq Aysel Hacıyeva da iştirak etmiş və tələbələrə peşəkar tövsiyələr vermişdilər.
Tələbələr Yasamal, Səbail və Nəsimi rayonlarının bir sıra tanınmış ümumtəhsil müəssisələrində – 53 saylı məktəb, Gənc İstedadlar Liseyi, 18 saylı məktəb, 132–134 saylı Tədris kompleksi, 6 saylı məktəb-lisey, Hədəf Liseyi, 5 və 240 saylı orta məktəblərdə pedaqoji təcrübə keçiblər.
Fakültənin 87 (82 nəfər Azərbaycan, 5 nəfər rus bölməsi üzrə) IV kurs tələbəsi təhkim olunduqları məktəblərdə fənn müəllimlərinin və metodistlərin müşayiəti ilə dərslərdə iştirak edib, öz dərslərini tədris edərək pedaqoji bacarıqlarını nümayiş etdiriblər. Tələbələrin təcrübə gündəliyi, icmalları metodist və məktəb rəhbərliyi tərəfindən izlənilərək qiymətləndirilib. Dərslərin təhlili aparılıb, metodik tövsiyələr verilib, eləcə də şagirdlərlə aparılan fərdi və qrup işləri dəyərləndirilib.
Pedaqoji internaturanın yekun mərhələsində tələbələr hazırladıqları hesabatlarla fakültə tərəfindən yaradılmış komissiya qarşısında çıxış ediblər. Təcrübə dövründə qazandıqları bilik və bacarıqları əks etdirən hesabatlar dinlənilib, tələbələrin praktik fəaliyyətləri hərtərəfli təhlil olunaraq qiymətləndirilib. Bu proses təcrübə iştirakçılarının özünüqiymətləndirmə və peşəkar inkişaf baxımından əhəmiyyətli mərhələ olub.