Biologiya fakültəsinin tələbələri orintoloji ekskursiyada
Biologiya fakültəsinin tələbələri Xəzərin şimal-şərq sahilində yerləşən Beşbarmaq dar boğazında quşların miqrasiyasını müşahidə etmək məqsədilə ekskursiya keçirmişlər. Ekskursiyada Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, dosent Sevinc Hümbətova, fakültə TEC-nin və Təbiətin harmoniyası klubunun üzvləri iştirak etmişdir.
Ekskursiya, “Birding of Azerbaijan” qrupunun təşkilatçılığı ilə baş tutmuş və tələbələr arasında böyük maraq oyatmışdır. Tələbələr, ölkəmizdə quşların miqrasiyasını izləmək üçün Niderlanddan gəlmiş könüllü quş müşahidəçilərinin tətbiq etdiyi metodlarla yaxından tanış olmuş və maraqlı müzakirələr aparmışdır.
Müşahidələr zamanı 20-dək növə aid minlərlə quş fərdi qeydə alınmışdır. Xüsusilə sığırçınların böyük dəstələri, su-bataqlıq quşlarının müxtəlif növləri, o cümlədən vağlar, qarabatdaqlar, fərqli cüllütkimilər və ən maraqla izlənən qızılquşkimilərin nümayəndələri diqqət çəkmişdir.
Ekskursiya iştirakçılarının rahatlığı üçün “Birding of Azerbaijan” qrupunun rəhbəri Elvin Məmmədsoy tələbələri nəqliyyat, teleskop və binokllarla təmin etmişdir. Qrupun aktiv üzvü Leyla xanım, tələbələrə müxtəlif proqram təminatlarının və tətbiqlərin təyinetmədə istifadəsini nümayiş etdirmişdir. Toplanan məlumatlar dəqiq nəticələr şəklində *trektellen.org* platformasında qeyd edilmişdir.
Bu ekskursiya tələbələrin elmi biliyinin artırılması, təbiətə marağının təşviq edilməsi və quş müşahidəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olmuşdur.