Biologiya fakültəsinin tələbələri Lənkəran və Quba rayonu ərazilərində çöl-tədris təcrübəsi keçiblər
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Quba və Lənkəran rayonlarında çöl-tədris təcrübəsində olublar.
Biologiya ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində, Nüqədi və Qəçrəş kəndlərinin ərazilərində həşəratlar, məməlilər və quşların tanıdılması, yaşayış yerlərinin təyini, qida rasionu və hərəkət trayektoriyası üzrə tədris təcrübəsi keçirilib. Hirkan Milli Parkında relikt şabalıdyarpaq palıd və dəmirağacı meşələrində, eləcə də ərazisində meşə və çəmən ekosistemlərində yayılmış bitkilər, aşağıda dağ qurşaqlarında bitkilərin formasiya və assossasiya qurluşları, dominant və ikinci dərəcəli növlərə görə sinifləndirmə, “Qırmızı Kitab” növləri, herbarilərin hazırlanması kimi mövzular üzrə tədris aparılıb. Əyani nümunələr üzərində təcrübələr aparılıb.
Su bioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan tələbələr Qızılağac Milli Parkında şirin sututarları, Xəzər dənizi, Quba rayonunda Vəlvələçay və Qudyalçayda yayılmış balıq növləri ilə əyani tanış olmuş, su və yosun nümunələri götürülərək laboratoriyada analizlər aparılmışdır.