Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

Biologiya fakültəsində 2025/2026-cı tədris ilinin yaz semestri üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilib. Təcrübə 16 fevral 2026-cı il tarixindən etibarən həyata keçirilir və ixtisaslar üzrə müxtəlif elmi-tədqiqat institutlarında, dövlət qurumlarında və özəl müəssisələrdə təşkil olunub.
Təcrübənin başlanması münasibətilə fakültə dekanı Afət Məmmədova tələbələrlə görüş keçirib. Görüşdə kafedra müdirləri və təcrübə rəhbərləri də iştirak ediblər. Tədbirdə ilk sözü dekan deyib. O, istehsalat təcrübəsinin ali təhsil prosesinin ayrılmaz və mühüm mərhələsi olduğunu vurğulayıb, nəzəri biliklərin praktik mühitdə tətbiqinin tələbələrin peşəkar formalaşmasında həlledici rol oynadığını qeyd edib.
Dekan çıxışında bildirib ki, müasir əmək bazarının tələblərinə cavab verən, analitik düşüncəyə və praktik bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün real istehsalat və elmi mühitlə inteqrasiya zəruridir. O, tələbələrə təcrübə müddətində məsuliyyətli, intizamlı və təşəbbüskar olmalarını, etik davranış normalarına riayət etmələrini, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini tövsiyə edib və universiteti layiqincə təmsil etməyə çağırıb.
Qeyd olunub ki, Biologiya, Biotexnologiya, Bitki mühafizəsi, Qida mühəndisliyi, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarında, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin tabeliyində olan qurumlarda, eləcə də müxtəlif təşkilatlarda istehsalat təcrübəsi keçirlər.
Təcrübə müddəti ixtisas və müəssisədən asılı olaraq fevral ayından may ayınadək davam edəcək. Tələbələr laborator analizlər, molekulyar-genetik tədqiqatlar, aqrobioloji monitorinqlər, istehsalat proseslərinin təşkili, keyfiyyətə nəzarət və digər peşə yönümlü fəaliyyətlərdə iştirak edəcəklər.
Biologiya fakültəsi istehsalat təcrübəsini ali təhsilin praktik komponentinin gücləndirilməsi, tələbələrin peşə kompetensiyalarının inkişafı və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətli mərhələ kimi qiymətləndirir.