Biologiya fakültəsinin tələbələri Abşeron Milli Parkına ekskursiya ediblər

Biologiya fakültəsinin tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ekskursiya çərçivəsində Abşeron Milli Parkında olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra BDU-nun Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin hərtərəfli inkişafındakı tarixi xidmətlərindən danışıb.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov çıxışında Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində gördüyü işlərdən, milli sərvətlərin qorunması, ekoloji idarəetmə, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin saxlanılması sahəsində həyata keçirilən siyasətin əhəmiyyətindən bəhs edib. O, həmçinin milli parkların yaradılması və inkişafının ölkədə ekoloji tarazlığın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb.
Ekskursiya zamanı tələbələr Abşeron Milli Parkının ərazisində müşahidələr aparıblar. Onlara parkın fauna müxtəlifliyi, o cümlədən sürünənlər, məməlilər və quşlar haqqında məlumat verilib. Həmçinin Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinin ərazinin faunasına təsiri barədə müzakirələr aparılıb.
Tədbir çərçivəsində tələbələrin iştirakı ilə veloyürüş də təşkil olunub. Sonda keçirilən müsabiqədə fərqlənən 3 tələbə qalib elan edilib və onlara hədiyyələr təqdim olunub.