Biologiya fakültəsinin məzunu I kurs tələbələri ilə “Uğur yolu-məzun təcrübəsi” adlı tədbir
17 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində məzun görüşü təşkil olunub. Tədbiri giriş sözü ilə fakültənin dekanı Afət Məmmədova açaraq fakültə məzunlarının uğurlarından bəhs edib, onların həm ölkə daxilində, həm də xaricdə nüfuzlu universitetlərdə təhsilini davam etdirməsinin və elmi fəaliyyətlə məşğul olmasının fakültə üçün qürurverici olduğunu qeyd edib. Tələbə adını almış Biologiya ailəsində ilk günlərini yaşayan I kurs tələbələrinə gələcəkdə hansı imkan və şəraitlərin ola biləcəyi, yararlanma yollarından məlumat verdi.
Tədbirdə fakültənin 2019–2023-cü illər üzrə Biologiya ixtisası məzunu hazırda Türkiyənin Eskişehir Osmangazi Universitetində Tibbi Genetika ixtisasında magistratura səviyyəsi üzrə təhsili alan Şövkət Əliverdibəyli öz təcrübəsini bölüşərək tələbələrə hədəflərinə çatmaqda əzmkarlığın, araşdırma bacarığının və beynəlxalq imkanlardan düzgün istifadə etməyin önəmindən danışıb.
O, neyrodegenerativ xəstəliklərin genetik əsasları və farmakogenetika sahəsində apardığı elmi işlərdən, dissertasiya mövzusundan və qazandığı beynəlxalq təqaüdlərdən söz açıb. Şövkət Əliverdibəyli tələbələrə biliklərini inkişaf etdirmək, elmi fəaliyyətlərdə fəal iştirak etmək və qarşıya qoyduqları məqsədlərə inanmaq tövsiyəsini verib.
Görüş interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb və görüş səmimi ünsiyyət şəraitində başa çatıb.