Biologiya fakültəsinin məzunları tələbələrə ikili diplom proqramları və dövlət təqaüdləri vasitəsilə xaricdə təhsil imkanları barədə seminar keçirib

Bakı Dövlət Universitetində Biologiya fakültəsinin tələbələri üçün xaricdə təhsil imkanlarına dair infosessiya və məzunlarla görüş təşkil olunub. Tədbir çərçivəsində tələbələrə beynəlxalq təqaüd proqramları, dövlət təqaüd proqramı və xüsusilə ikili diplom imkanları haqqında ətraflı məlumat verilib.
Görüş zamanı məzunların xaricdə təhsil aldıqları müddətdə qazandıqları akademik və praktiki təcrübə geniş şəkildə müzakirə edilib. Eyni zamanda bu təcrübələrin gələcəkdə Azərbaycanda tətbiqi perspektivləri və ölkənin elmi potensialına verə biləcəyi töhfələr diqqət mərkəzində olub.
Tədbirdə çıxış edən məzunlar xarici universitetlərdə təhsil sisteminin xüsusiyyətləri, elmi-tədqiqat mühiti, qəbul şərtləri və IELTS imtahanına hazırlıqla bağlı faydalı tövsiyələrini bölüşüblər. Diskussiya formatında keçən görüş tələbələrin suallarının cavablandırılması və onların gələcək təhsil strategiyalarının formalaşdırılması baxımından praktik əhəmiyyət daşıyıb.
Qeyd edək ki, ikili diplom proqramının məzunu Edqar Şahbazov hazırda Böyük Britaniyanın Mançester Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində doktorantura təhsili alır. Digər məzun Cəfər Aşumov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda doktorantura təhsili ilə yanaşı, baş laborant kimi fəaliyyət göstərir. Emiliya Bağıyeva isə doktorantura təhsilini İsraildə davam etdirməyi planlaşdırır.
Tədbir tələbələrin beynəlxalq təhsil imkanları barədə məlumatlılığının artırılması, onların akademik inkişafına dəstək verilməsi və xüsusilə dövlət proqramları və ikili diplom imkanlarından yararlanmağa təşviq edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.