Biologiya fakültəsinin magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə iştirak ediblər
-lg.jpg)
Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının birinci kurs magistrantları kafedranın müəllimi, dosent Roza Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Modern seleksiya və molekulyar biologiya laboratoriyasında təşkil olunmuş elmi-praktiki təlimə qatılıblar.
Müasir laboratoriya şəraitində keçirilən təlim bitki yarpaq toxumasından DNT-nin izolyasiyası və molekulyar markerlərlə iş prinsiplərinin praktiki mənimsənilməsinə həsr olunub. Magistrantlar təlim zamanı yalnız prosesi müşahidə etməklə kifayətlənməyib, DNT izolyasiyasının bütün mərhələlərini nümunələrin hazırlanması, hüceyrə lizisi, sentrifuqalama və genetik materialın təmizlənməsi proseslərini bilavasitə özləri icra ediblər. İnteraktiv formatda təşkil edilən təlim hər bir iştirakçının laborator mərhələləri fərdi şəkildə yerinə yetirməsinə şərait yaradıb.
Təlim institutun laboratoriya müdiri Həlimə Məmmədova və Genetik Ehtiyatlar institutunun İmminogenetika şöbəsinin müdiri Elçin Hacıyev tərəfindən aparılmışdır. Hər iki tədqiqatçı molekulyar-genetik analizlərin metodoloji əsasları, laboratoriya təhlükəsizliyi qaydaları, eləcə də molekulyar marker sistemlərinin seleksiya işlərində və genetik müxtəlifliyin qiymətləndirilməsində tətbiqi barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirin əsas məqsədi magistrantların bitki genomikası və molekulyar genetika sahəsində nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmək, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək və müasir laborator texnologiyalarla işləmək səriştəsini artırmaq olub.