BİOLOGİYA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİ
Biologiya fakültəsində Biologiya ixtisası üzrə təhsil alan buraxılış kurs tələbələri fevralın 16-dan istehsalat təcrübəsində iştirak edirlər. Təcrübə AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar, Genetik Ehtiyatlar, akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Biofizika İnstitutlarında, Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan tələbələr isə, AMEA-nın Zoologiya İnstitutunda pandemiya şəraiti ilə əlaqədar qəbul edilmiş Qaydalara riayət olunmaqla təşkil olunub.
Tələbələr təcrübə zamanı, DNT-nin ayrılması və tədqiqi metodlarına, PZR metodu, elektroforetik üsulla tədqiqatların aparılmasına yiyələnir, bitki biotexnologiyası üsulları, MS mühitinin makroelementlərinin hazırlanması ilə tanış olur, fitohormonlar - auksinlər, sitokinlərlə praktiki işin aparılmasında iştirak edirlər.
Təcrübə keçənlər əkin sahələrinin əkinə hazırlıq mərhələsi, növbəli əkin sxemi - rotasiya cədvəli haqqında məlumat əldə edir, tərəvəz bitkiləri və onların bir sıra xüsusiyyətlərə qruplaşdırması haqqında öyrənir, tərəvəzlərin açıq sahədə əkin forması ilə tanış olurlar. Açıq sahədə əkin zamanı diqqət edilməli mərhələləri, istixanadan açıq sahəyə köçürmə vaxtı, əlverişli şərait, yetişmə zamanı zərərvericilər və onlarla mübarizə üsulları haqqında məlumat alırlar.
Tələbələr quşların bir sıra əlamətlərə görə seçilməsini öyrənir, morfoloji və fizioloji quruluşundakı fərqlərə görə təsnifləşdirməyi həyata keçirirlər, gəmiricilərin xromosomlarında olan fərqləri, ayrı-ayrı zonalara aid olan növlərin xromosomlardakı dəyişiklikləri haqqında məlumat əldə edirlər.
AMEA-nın alimləri apardıqları təcrübələrlə tələbələrə tanış edir, təcrübələrdə iştiraklarına şərait yaradırlar. İstehsalat təcrübəsi tələbələrin 3,5 il ərzində əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə şərait yaradır, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.