Biologiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib
Sentyabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində yeni 2024/2025-ci tədris ilində qəbul almış birinci kurs tələbələri ilə ilk görüş baş tutub. İclasda fakültənin rəhbərliyi, kafedra müdirləri, dekan müavinləri və yeni qəbul olunan bakalavr və magistr tələbələri iştirak ediblər.
İclasın ilk hissəsində Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova yeni tədris ilinin önəmli məsələləri ilə bağlı çıxış edərək bildirib ki, BDU-nun Biologiya fakültəsi müasir tədris metodlarına daha çox yer verərək təhsil prosesini tələbələr üçün daha cəlbedici və praktiki edəcək.
Professor Afət Məmmədova görüş zamanı tələbələrə universitetin tədris imkanları, fakültənin elmi potensialı və tarixi haqqında geniş məlumat verib. Dekan çıxışında xüsusi olaraq 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbirlərdən danışıb və müvafiq istiqamətli layihələrə daha çox önəm verildiyini qeyd edib.
Dekan, həmçinin BDU-nun 105 illik yubileyinin qeyd olunmasının universitet tarixində böyük bir mərhələ olduğunu bildirib. O, Biologiya fakültəsinin universitetin ən qədim və ən güclü elmi-tədqiqat mərkəzlərindən biri olduğunu xatırladaraq, tələbələri bu tarixin bir parçası olduqları üçün qürur duymağa səsləyib. Fakültədəki elmi laboratoriyalar, təcrübə sahələri, beynəlxalq əməkdaşlıqlar və sosial imkanlar haqqında məlumat verilərək, tələbələrin tədqiqat və akademik imkanlarının genişliyi vurğulanıb.
Tədbir əsnasında tələbələrə akademik və sosial fəaliyyətlərinin uğurla keçməsi üçün tövsiyələr verilib, onların fakültə və universitet həyatında aktiv iştirakı təşviq olunub. Görüşdə həmçinin tələbələrin tədris prosesi və karyera inkişafı ilə bağlı sualları cavablandırılıb.
Yeni tədris ilinə böyük motivasiya ilə başlayan tələbələrə uğurlar arzulanaraq, Biologiya fakültəsinin Azərbaycanın elmi və təhsil sahəsindəki mövqeyini daha da möhkəmləndirəcəyi vurğulanıb.