Biologiya fakültəsinin əməkdaşlarının məqaləsi “Frontiers in Pharmacology” jurnalında çap olunub

Biofizika və biokimya kafedrasının müəllimi b.ü.f.d. Nigar Hüseynovanın, prof. Afət Məmmədovaın, prof. Rövşən Xəlilovun və prof. Yusuf Baranın həmmüəllifləri olduğu “Chemosensitizing effect of apigenin on T-ALL cell therapy” adlı məqaləsi “Frontiers” nəşriyyat evinə məxsus Q1 kateqoriyalı “Frontiers in Pharmacology” jurnalında çap olunub. Qeyd olunan elmi tədqiqat işi 2024-2025-ci illərdə “Türkiyə bursları” tədqiqat proqramı tərəfindən dəstəklənib.
Məqalədə yer alan tədqiqatlarda təbii flavonoid olan apigeninlə L-asparaginazanın kombinativ tətbiqinin T-mənşəli kəskin limfoblastik leykemiya (T-KLL) hüceyrələrinə qarşı daha güclü sitotoksiki təsir göstərdiyi müəyyən edilmişdir. Sinergik təsir nəticəsində hüceyrə proliferasiyası əhəmiyyətli dərəcədə azaldığı kimi, L-asparaginazanın monoterapiyası ilə ilə müqayisədə daha yüksək apoptik effekt müşahidə edilmişdir. Bu nəticələr göstərir ki, apigeninin kemosensitizəedici effekti sayəsində L-asparaginazanın daha aşağı dozalarında belə yüksək effektivlik əldə etmək mümkündür və bu yanaşma yan təsirləri minimal olan müalicə strategiyası kimi təqdim edilə bilər. T-KLL üçün yeni terapevtik yanaşmaların inkişafı baxımından bu kombinasiyanın perspektivli olduğu hesab edilir.
https://www.frontiersin.org/journals/pharmacology/articles/10.3389/fphar.2025.1631505/full