Biologiya fakültəsinin əməkdaşları Hirkan Milli Parkının yaranmasının 21 illiyinə həsr olunan dəyirmi masada iştirak edib
Lənkəranda Hirkan Milli Parkının yaradılmasının 21 illiyi münasibətilə keçirilən dəyirmi masa təşkil edilib.
Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkil etdiyi tədbir Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin əməkdaşlarının, Zoologiya və Botanika İnstitutlarının alimlərinin, Lənkəran Regional Turizm İdarəsinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və Milli Parkın fəaliyyətinə töhfə vermiş tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutub.
BDU Biologiya fakültəsindən prof. Mirmusa Cəfərov, Yusif Abiyev, b.ü.f.d. Vazeh Baxşıyev, b.ü.f.d. Sevinc Məmmədova və Tahir Yunuslu iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın cənub-şərq hissəsində yerləşən və zəngin bioloji müxtəlifliyi, nadir flora və fauna növləri ilə seçilən Hirkan Milli Parkının əhəmiyyəti vurğulanıb. Mütəxəssislər parkın nadir ekosistemlərini qorumaq, elmi tədqiqatları genişləndirmək və ekoturizmin inkişafına töhfə vermək üçün birgə əməkdaşlığın vacibliyini qeyd ediblər.
Müzakirələr zamanı Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən, dünya miqyasında nadir meşə massivlərindən biri olan Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Alimlər və mütəxəssislər Hirkan ekosisteminin unikal xüsusiyyətlərini qorumaq üçün davamlı elmi yanaşmaların və ekoloji maarifləndirmənin artırılmasının vacibliyini vurğulayıblar.
Sonda iştirakçılar Hirkan Milli Parkının gələcək inkişafı və təbiətin mühafizəsi sahəsində daha geniş elmi və ekoloji layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.