Biologiya fakültəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

22 may 2026-cı il tarixində Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Azərbaycan Respublikasının Neftçala rayonunda beynəlxalq tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Çexiya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstandan balıqçılıq və akvakultura sahəsində çalışan tanınmış mütəxəssislər, həmçinin Yaponiya və Cənubi Koreya respublikalarının səfir müavinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndəsi çıxış ediblər.
Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetini Biologiya fakültəsinin əməkdaşları — Zoologiya və fiziologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Çingiz Məmmədov və Botanika kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Vazeh Baxşıyev təmsil ediblər.
Tədbirin davamı olaraq nərəbalıqartırma zavodlarında yetişdirilmiş, ilkin mərhələdə dəniz suyuna adaptasiya olunmuş 300–400 qramlıq müxtəlif növ nərəcinsli balıq körpələri mütəxəssislərin iştirakı ilə Xəzər dənizinə buraxılıb. Daha sonra iştirakçılar Neftçala rayonunda fəaliyyət göstərən “Azerbaijan Fish Farm” MMC balıqyetişdirmə zavodu ilə tanış olublar. Burada müxtəlif növ nərəcinsli balıqların törədicilərinin saxlanılması və yetişdirilməsi prosesində tətbiq edilən müasir innovativ texnologiyalar barədə məlumat verilib.
Tədbir biomüxtəlifliyin qorunması, nərəcinsli balıq ehtiyatlarının bərpası, akvakultura sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-praktik təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb.