Biologiya fakültəsinin dosenti yubiley medalı ilə təltif olunub

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
Bu mötəbər dövlət mükafatı Sevda Tahirlinin uzun illər ərzində apardığı fəal media fəaliyyəti, milli mətbuatın inkişafına verdiyi töhfələr, elmi-publisistik yazıları və cəmiyyətin maarifləndirilməsi istiqamətində göstərdiyi səmərəli xidmətlərə verilən yüksək qiymətin ifadəsidir. Onun həm elm, həm də media sahəsində ardıcıl və məsuliyyətli fəaliyyəti ölkədə elmi biliklərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayıb.
Bakı Dövlət Universitetinin kollektivi olaraq, əməkdaşımızın dövlət səviyyəsində belə ali və nüfuzlu mükafata layiq görülməsini böyük qürur və məmnunluq hissi ilə qarşılayırıq. Bu təltif eyni zamanda universitetimizin elmi-pedaqoji mühitində çalışan mütəxəssislərin yüksək peşəkarlığının, ictimai fəallığının və intellektual potensialının növbəti bariz göstəricisidir.
Sevda Tahirlinin bu uğuru BDU-da elm, təhsil və media arasında qurulan səmərəli inteqrasiyanın, akademik mühitin cəmiyyətlə fəal dialoqunun mühüm nəticələrindən biri kimi qiymətləndirilir.
Biologiya fakültəsinin rəhbərliyi və kollektivi adından Sevda Tahirlini bu layiqli təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona həm mətbuat, həm də təhsil sahəsindəki çoxşaxəli fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.