Biologiya fakültəsinin dosenti dünyasını dəyişmişdir
Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri namizədi Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişmişdir.
Pünhan müəllim 20 avqust 1938-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Kvemo-Bolnisi (indiki Kəpənəkçı) kəndində anadan olmuşdur. O, 1947-1954-cü illərdə Bolnisi rayonunun Arıxlı kənd orta məktəbində təhsil almış, 1957-1958-ci illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd məktəbində işləmişdir. 1958-1963-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. Pünhan müəllim 1967-ci ildə Bakı Dövlət Universitetinin Botanika (indiki Botanika və bitki fiziologiyası) kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə biologiya elmləri namizədi, 1983-cü ildə isə dosent elmi adı almışdır. O, BDU-nun Botanika kafedrasında baş laborant, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 67 elmi məqalənin, 3 metodiki göstərişin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. Geobotanika, bitki morfologiyası, Azərbaycam florası sahəsində bir sıra elmi-tədqiqat işləri aparmışdır. 2019-cu ildə BDU-nun Yubilley medalı ilə təltif edilmişdir.
Pünhan müəllim çalışdığı kafedranın, fakültənin, eləcə də universitetin ictimai işləridə daim yaxından iştirak etmiş, qocaman dosent kimi hər zaman gənc kadrlara elmi və pedaqoji məsləhətlər vermişdir. O, çox gözəl insan və nümunəvi müəllim idi. Pünhan müəllim qocaman alim olmaqla bərabər, həm də qayğıkeş ata, sevimli baba və nəslin agsaqqalı idi.
Onun xatirəsi daim fakültə və kafedra əməkdaşlarının yaddaşlarında yaşayacaqdır.
Allah rəhmət eləsin!