Çingiz Məmmədovun 60 yaşı tamam oldu
Biologiya fakültəsi Zoologiya və fiziologiyası kafedrasının dosenti Çingiz Ağamusa oğlu Məmmədovun 60 yaşı tamam oldu.
Çingiz Məmmədov 1962-ci il iyun ayının 26-da Kürdəmir şəhərində anadan olub. 1969-1979-cu illərdə Kürdəmir şəhərində 2 № li orta məktəbi bitirib. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub və 1984-cü ildə universiteti bitirərək bioloq ixtisası alıb.
1984-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda “Balıq ehtiyatlarının artırılması” laboratoriyasında baş laborant, 1985-1986-cı illərdə həmin laboratoriyada kiçik elmi işçi, 1986-1988-ci illərdə “İxtiologiya” laboratoriyasında kiçik elmi işçi, 1992-1993-cü illərdə həmin laboratoriyada elmi işçi, 1993-1994-cü illərdə isə həmin laboratoriyada böyük elmi işçi vəzifəsində çalışıb.
1991-ci ildə Moskva şəhərində Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı və Okeanologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə“Kür nərəsi (Acipenser gueldenstaedtii persicus) körpələrinin davranış reaksiyalarında kimyəvi resepsiyanın rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1994-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Xəzər Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutuna (KASPNİRH) dəvət olunub və 2002-ci ilədək “Sənaye balıqlarının artırılmasının biotexnologiyası” laboratoriyasında böyük elmi işçi vəzifəsində işləyib. Həmin İnstitutda işlədiyi illər ərzində “Nərələrin mayalanmış kürülərinin yeni inkubasiya üsulu” adlı ixtira edib və bu ixtira üçün Rusiya Federasiyasının (№ 2165696) Patentini alıb. Həmin Patent Həştərxan vilayətində yerləşən nərəbalıqartırma zavodlarında və Azərbaycan Respublikasının Xıllı nərəbalıqartırma zavodunda geniş miqyasda istehsalata tətbiq edilib və yüksək iqtisadi nəticələr əldə edilib.
2002-ci ildə yenidən Respublikamıza qayıdıb və 2002-2003-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunda “Balıqların süni artırılması və əmtəə balıqçılıq” laboratoriyasının müdiri vəzifəsində işləyib.
2003-2008-ci illərdə Respublikamızda yeni tikilib istifadəyə verilmiş Xıllı nərəbalıqartırma zavodunda istehsalat laboratoriyasının müdiri vəzifəsində işləyib. 2008-ci ildə yenidən Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutuna qayıdıb və 2008-2014-cü illərdə həmin İnstitutda yenidən “Balıqların süni artırılması və əmtəə balıqçılıq” laboratoriyasının müdiri vəzifəsində işləyib.
2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasında 0,5 ştat dosent vəzifəsində, 2015-ci ildən həmin kafedrada tam ştat dosent vəzifəsində işləyib. Hazırda Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının dosentidir.
Ali təhsilin bakalavriat səviyyəsində “İxtiologiya”, “Akvakulturalar”, “Marikulturaların biotexnologiyası”, “Balıqçılıq”, “Balıqların yemləndirilməsi” və “İxtiopatologiya”, magistratura səviyyəsində isə “Balıqların embriologiyası və fiziologiyası”, “Balıqların davranışı və miqrasiyası”, “İxtisasın metodları”, “Qapalı su təchizatı sistemlərində hidrobiontların yetişdirilməsi” və “Hidrobiontların ekoloji fiziologiyası” fənnlərindən mühazirə və seminar dərsləri aparır.
Bir çox magistrantların dissertasiya işinə rəhbərlik edib və müxtəlif beynəlxalq simpozium, konqres, konfrans və seminarlarda iştirak edib. Yerli və xarici elmi jurnallarda, konfrans, konqres və simpozium materiallarında, həmçinin monoqrafiya və dərslik formasında çap olunmuş 140 elmi əsərin müəllifidir.
1 Beynəlxalq patentin, 1 təlimatların, 1 monoqrafiyanın, 1 kollektiv kitabın və 3 dərsliyin müəllifidir. 41 elmi məqaləsi yerli və xarici jurnallarda dərc olunub. Onlardan 24-ü xarici elmi jurnallarda, o cümlədən 4 məqaləsi impakt-faktorlu (Web of science) jurnallarda çap olunub. 88 konfrans, konqres və simpozium materiallarının (məqalə və tezislərin) müəllifidir. BDU-nun Biologiya fakültəsinin bakalavriatura və magistratura səviyyələri üzrə 17 fənn üçün tərtib olunmuş tədris proqramlarının müəllifi və həmmüəlifidir.
2018-cı ildən etibarən Bakı Dövlət Universitetinin Zooologiya və fiziologiya kafedrasının 2401.01- “Zoologiya” ixtisası üzrə dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantıdır. “Kür nərəsinin (Acipenser gueldenstaedtii persicus Borodin, 1897) morfoloji, fizioloji, ekoloji xüsusiyyətləri və süni artırılma biotexnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işimi artıq yekunlaşdırıb və yaxın vaxtlarda onun müdafiəyə təqdim olunmasını planlaşdırır.
Çingiz Məmmədovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmdə yeni uğurlar arzulayırıq.