Biologiya fakültəsinin dekanı Beynəlxalq İqlim Forumunda iştirak edib
04–05 aprel 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Beynəlxalq İqlim Forumu iqlim dəyişikliyi ilə mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş mühüm platformaya çevrildi. “Silk Road Samarkand” Konqres Mərkəzində “Qlobal iqlim çağırışları qarşısında Mərkəzi Asiya: Ümumi rifah naminə konsolidasiya” mövzusunda baş tutan tədbir iqlimə uyğunlaşma və “yaşıl inkişaf” məsələlərinə həsr olunmuşdur.
Forumda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin Mərkəzi Asiya ölkələrinin dövlət başçıları və rəsmiləri, Monqolustan və Pakistanın hökumət üzvləri, Avropa İttifaqı, BMT, Dünya Bankı və digər beynəlxalq təşkilatların nümayəndələri yer alıb.
Foruma dəvət almış Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı Afət Məmmədova tədbir çərçivəsində ekoloji davamlılıq, ekoloji təhsil, ekoloji elmi araşdırmalara dair müzakirələrdə iştirak etmiş, regionda iqlim dəyişmələrinin azaldılması və adaptasiya mexanizmləri ilə bağlı yanaşmaları bölüşmüşdür. O, həmçinin Bakı Dövlət Universitetində biomüxtəlifliyin qorunması, ekosistemlərin monitorinqi və iqlim modelləri üzrə aparılan tədqiqatlar haqqında məlumat vermişdir.