Biologiya fakültəsinin alimləri dünyanın ən nüfuzlu 2% alimləri siyahısına daxil olublar
Stanford Universiteti və Elsevier nəşriyyatı tərəfindən hər il təqdim olunan və qlobal elmi ictimaiyyət tərəfindən etibarlı mənbə kimi qəbul edilən “Updated Science-Wide Author Databases of Standardized Citation Indicators” adlı beynəlxalq reytinq cədvəlində Biofizika və biokimya kafedrasının kafedra müdiri, professor Rövşən Xəlilov və kafedranın dosenti, biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibova yer alıb.
Bu reytinq, alimlərin elmi fəaliyyətlərinin obyektiv göstəricilər əsasında qiymətləndirilməsi məqsədilə hazırlanır. Qiymətləndirmə zamanı ümumi istinad sayı, Hirş indeksi, c-score (müəllifin elmi işdə rolu və birgə müəlliflik dərəcəsinə görə müəyyən edilmiş təsir balı), ilk, son və tək müəlliflik statusu və s. kimi meyarlar nəzərə alınır. Bu kriteriyalar əsasında dünyanın ən nüfuzlu alimləri müəyyən edilir. Bu siyahıya daxil olmaq alimlərin qlobal elmi arenada tanındığını və onların tədqiqat işlərinin beynəlxalq səviyyədə geniş istifadə olunduğunu göstərir.