Biologiya fakültəsinin alimləri Baytarlıq Elmi-Tədqiqat İnstitutunu ziyarət etmişlər
14 fevral 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədov, Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev Baytarlıq Elmi-Tədqiqat İnstitutunu ziyarət etmişlər.
İnstitutun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, elmi işlər üzrə direktor müavini baytarlıq elmləri namizədi, dosent Səhman Bayramov, b.ü.f.d., aparıcı elmi işçi Mehdi Əli və institutun müvafiq şöbələrinin müdirləri ilə görüşlər olmuş, birgə əməkdaşlıq haqqında planlar müzakirə edilmiş, bakalavr və magistrantların Baytarlıq Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmələri üçün müəyyən məsələlər müzakirə edilmişdir. BDU-nun Biologiya fakültəsinin əməkdaşları həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Virusologiya və immunologiya, Parazitologiya, Baytarlıq sənayesi və yoluxmayan xəstəliklər, Balıq və arı, Quş xəstəlikləri şöbələrində olmuş, institutun maddi-texniki bazası və laboratoriyaları ilə tanış olmuş, orda aparılan işlər haqqında məlumatlandırılmışlar.
Biologiya fakültəsinin alimləri həmçinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində olan Baytarlıq Klinikasında olmuş, orada aparılan işlərlə (sahibsiz heyvanların sayının tənzimlənməsi (sterilizasiyası), zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə)) kimi proseslərlə tanış olmuşlar.