Biologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş esse müsabiqəsinin final mərhələsi keçirilmişdir
Biologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ingilis dilində esse müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqədə fakültənin birinci kurs tələbələri iştirak etmişlər.
Müsabiqənin məqsədi tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq və analitik düşünmə qabiliyyətlərini stimullaşdırmaq, həmçinin ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsini təşviq etmək idi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı Afət Məmmədova açaraq qonaqları salamlamış, Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun zəngin irsini gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulamışdır. Sonra o, münsiflər heyətinin sədrini və üzvlərini müəyyən etmişdir. Münsiflər Heyətinin sədri Beynəlxalq Əlaqələr üzrə Prorektor Şahin Pənahov, üzvlər-Tədrisin təşkili və təlim Texnologiyaları üzrə Prorektor Fərda İmanov, Rektorun Elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, Filologiya fakültəsinin dekanı Aydan Xəndan, Təbiət fakültələri üzrə İngilis dili kafedrasının müdiri Abbas Abbasov, Humanitar fakültələr üzrə İngilis dili kafedrasının müdiri Bəylər Hacıyev, İngilis dili kafedrasının professoru Əfqan Abdullayev olmuşdur.
Daha sonra İngilis dili kafedrasının müəllimi İradə Cəfərova çıxış edərək müsabiqənin şərtləri və hazırlıq mərhələsi barədə ətraflı məlumat vermişdir.
Tələbələr təqdimat şəklində hazırladıqları esse işlərində Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolu, onun liderlik keyfiyyətləri, təbiət, ailə dəyərləri haqqında fikirləri və gələcək nəsillərə verdiyi dəyərlər barədə fikirlərini ifadə etdilər.
Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ilk üç yerin qalibləri müəyyən olundu- I yerə Ayan Hüseynzadə (“Heydar Aliyev-across the globe”), II yerə Nərmin Quliyeva (“National leader and development of healthcare”), III yerə isə Nəzrin Əlizadə (“Heydar Aliyev youth pass to leadership”) layiq görüldülər və onlar xüsusi sertifikatlarla və hədiyyələrlə təltif olundular.
Sonda Tədbir fakültənin doktorant və tələbələrinin musiqi nömrələri ilə başa çatmışdır.