Biologiya fakültəsində Ümumdünya Bioloqlar Gününə həsr olunmuş seminar keçirilib
16 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Ümumdünya Bioloqlar Günü münasibətilə elmi seminar təşkil olunub. Seminarın builki mövzusu müasir biologiyanın ən aktual və innovativ sahələrindən biri olan "Sintetik Biologiya"ya həsr edilib. Seminarda fakültə rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Seminarda Biotexnologiya ixtisasının II kurs tələbəsi Nərgiz Qarayeva çıxış edərək sintetik biologiyanın mahiyyəti, tətbiq sahələri və gələcək perspektivləri haqqında geniş təqdimatla çıxış edib. O, bu sahənin tibbdən kənd təsərrüfatına, ətraf mühitin qorunmasından sənayeyə qədər bir çox istiqamətdə yaratdığı imkanlardan bəhs edib və dünyada aparılan qabaqcıl tədqiqatlardan nümunələr təqdim edib.
Tədbirdə fakültənin müəllim və tələbə heyəti, eləcə də biologiya elminə maraq göstərən digər iştirakçılar fəal iştirak ediblər. Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçılar sintetik biologiyanın etik tərəfləri və biotəhlükəsizlik məsələləri ilə bağlı maraqlı suallar ünvanlayıblar.
Tədbirin əsas məqsədi tələbələr arasında biologiyanın innovativ istiqamətlərinə marağın artırılması, eləcə də elmi düşüncənin inkişafına töhfə vermək olub.