Biologiya fakültəsində tələbə seminarı keçirilib

Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Klinik laboratoriyada analitik proseslər və nəticələrin interpretasiyası” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Məruzə ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi Şura Əlyarova çıxış edib. Şura Əlyarova Lab Center Klinikasında 15 aylıq klinik laboratoriya təcrübə müddətini uğurla tamamlayıb. O, klinika tərəfindən rəsmi “Klinik laboratoriya təcrübə sertifikatı və tövsiyə məktubu” ilə təltif olunub.
Məruzə zamanı klinik laboratoriyada analitik proseslərin əsas mərhələləri, laborator təhlükəsizlik və gigiyena qaydaları, qanın və sidiyin ümumi analizi, EÇS və laxtalanma göstəriciləri, yaxma və spermoqramma analizləri, həmçinin biokimyəvi analizlər və onların interpretasiyası barədə ətraflı məlumat verilib. Tələbə laborator nəticələrin düzgün qiymətləndirilməsində nümunələrin götürülməsi, işlənməsi və analiz mərhələlərinə riayət olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Seminar zamanı klinik laborator diaqnostikanın tibbi praktikada rolu, analiz nəticələrinin düzgün şərh olunmasının xəstəliklərin erkən aşkarlanması və müalicə prosesinin izlənilməsi baxımından əhəmiyyəti vurğulanıb. Mövzu ətrafında aparılan müzakirələrdə müəllim və professorların sualları ətraflı cavablandırılıb, seminar yüksək qiymətləndirilib.