Biologiya fakültəsində sürünənlərin bəzi növlərinin ekoloji və histoloji xüsusiyyətlərinə həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasında dissertant Ramin Həşimovun “Azərbaycanda Ophisops elegans, Lacerta strigata, Tenuidactylus caspius (Reptilia, Sauria) növlərinə ekoloji amillərin təsiri və onların sitoloji-histoloji tədqiqi” mövzusunda elmi seminarı uğurla baş tutub.
Seminarda Fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti, magistrant və tələbələr iştirak edib.
Seminarda respublikamızda biomüxtəlifliyin qorunması və ekosistemlərin öyrənilməsi baxımından mühüm sayılan kərtənkələ növlərinin yaşayış mühiti, ekoloji amillərə uyğunlaşma mexanizmləri və toxuma səviyyəsindəki dəyişiklikləri müzakirə olunub. Müxtəlif ekosistemlərdən toplanmış nümunələr üzərində aparılan tədqiqatlar nəticəsində urbanizasiyanın, temperatur dəyişkənliyinin və digər amillərin bu növlərin morfoloji və histoloji quruluşuna təsiri ətraflı təqdim olunub.
Ramin Həşimovun apardığı araşdırmalar sübut edib ki, uzunmüddətli sabit isti şəraitdə bəzi növlərdə parazitlərin aktivləşməsi müşahidə olunur, ekosistemin orta illik temperaturu isə kərtənkələlərin morfometrik göstəricilərinə birbaşa təsir göstərir. Əldə olunan nəticələr, həmçinin, bu növlərin yayılma arealında baş verən dəyişikliklərə dair mühüm məlumatlar təqdim edib.
Seminar iştirakçıları tərəfindən təqdimat maraqla qarşılanıb, mövzu ətrafında elmi diskussiya aparılıb və araşdırmanın həm nəzəri, həm də tətbiqi baxımdan əhəmiyyətli olduğu vurğulanıb.