Biologiya fakültəsində süni intellektin qərarverici amil kimi tədbiqlərinə həsr olunmuş elmi seminar keçirilib

Biologiya fakültəsində əməkdaşlar, gənc tədqiqatçılar və tələbələr üçün “Elm günü”nə həsr olunmuş “Həyat elmlərində süni intellekt qərarverici amil kimi: erkən aşkarlama, hibrid model mexanizmlərinin qurulması” mövzusu elmi seminar təşkil edilib. Məruzəçi Hindistanın Assam ştatında fəaliyyət göstərən “Assam Qabaqcıl Səhiyyə İnnovasiyaları İnstitutu”nun layihə rəhbəri Kauşik Daş olub.
Seminarda süni intellektin biotibb və həyat elmlərində tətbiq istiqamətləri, xüsusilə məlumat əsaslı qərarvermə, klinik qərar dəstəyi sistemləri və tibbi təsvirlərin (medical imaging) analizi üzrə metodoloji yanaşmalar təqdim olunub.
Məruzənin əsas xətti erkən diaqnostika üçün hibrid modelləşdirmə mexanizmlərinin qurulması, yəni statistik/maşın-öyrənməsi alqoritmlərinin fizioloji və ya mexaniki modellərlə inteqrasiyası üzərində qurulub. Bu kontekstdə aşağı sahəli maqnit-rezonans tomoqrafiyası (Low-Field MRT) texnologiyaları üzrə tədqiqat və inkişaf işləri, siqnalın emalı, görüntünün rekonstruksiyası və modelin generalizasiya qabiliyyəti kimi parametrlər müzakirə edilib. Kauşik Daş süni intelektin bioloji proseslərin modelləşməsində istifadəsi məsələlərinə də təqdimatında xüsusi yer ayırıb.
Tədbir Fakültənin müəllimi Niğar Hüseynovanın moderatorluğu ilə müzakirə formatında davam edib, iştirakçıların sualları cavablandırılıb, birgə tədqiqat imkanları və elmi nəşrlər üzrə potensial əməkdaşlıq istiqamətləri qeyd olunub.