Biologiya fakültəsində Respublika elmi konfransı keçirildi
24 may 2023-cü il tarixlərində Biologiya fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində Respublika elmi konfransı keçirildi. Konfransın açılış mərasimində Biologiya fakültəsinin dekanı Afət Məmmədova giriş nitqi ilə çıxış edərək konfransın gözləntilərindən, əhəmiyyət və vacibliyi haqqında məlumatlar təqdim etdi. Afət Məmmədova bildirdi ki, zəkası, dühası və istedadı ilə dünyada fenomen olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Biologiyanın aktual problemləri Davamlı inkişaf kontekstində mövzusunda Respublika elmi konfransı ölkənin davamlı inkişafını təmin etmək üçün prioritet elmi tədqiqatlara müasir innovativ texnologiyaların tətbiq edilməsinin effektivliyinin təhlili və qiymətləndirməsinə, biologiyanın innovativ inkişafında fundamental amil kimi intellektual kapitalın əhəmiyyətinin artırılmasına xidmət edir. Respublika elmi konfransı elmi və texnoloji inkişafın müasir mərhələsində biologiyanın sahələrində problemlərin işlənib hazırlanmasına müxtəlif mütəxəssisləri və alimləri cəlb etmək, hədəf problemləri həll etmək və bu sahədə yaradıcılıq və tədqiqat işlərinin elmi-praktik nəticələrinin ümumiləşdirilməsi, habelə onların populyarlaşdırılması kimi məqsəd daşıyır. Bu konfrans problemlərin həlli prosesində gənc tədqiqatçılarda sistemli düşüncənin formalaşmasına töhfə verməlidir. Tədbirdə BDU-nin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, Prof. Mais Süleymanov biologiya fakültəsinin qısa müddətli uğurlarından danışdı və fakültədən gözləntilərini qeyd etdi. Daha sonra Molekulyar Biologiya və biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Prof. İlham Şahmuradov, Zoologiya İnstitutun direktoru dos. Ələddin Eyvazov, Azərbaycan Dövlət Tibb Universitetinin Biokimya kafedrasının müdiri, Prof. Gülnarə Əzizova, ADTU-nun Farmakologiya kafedrasının müdiri Məhbubə Vəliyeva, Botanika İnstitunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya elmlər doktoru, dosent Aydın Əsgərov, ADPU-nun Biologiya və onun tədrisi texnologi direktotuyası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, Botanika İnstitutunun icraçı direktoru Şakir Qasımov, çıxış edərək biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğuladılar. Daha sonra Heydər Əliyevin həyatı ilə bağlı videoçarx konfrans iştirakçılarına təqdim edildi. Plenar sessiyada “Biofizika və Biokimya” kafedrasının müdiri professor Rövşən Xəlilov və “Biofizika və Biokimya” kafedrasının professoru Saib Güləhmədov geniş və maraqlı məruzələrlə çıxış etdilər. Konfransa Azərbaycanın müxtəlif Universitetlərindən, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Aqrar Universiteti BDU-nun Qazax filialı və elmi tədqiqat institutlarından 185 konfrans materialı təqdim olunmuşdur. Konfrans öz işini bölmə iclaslarında 5 seksiya üzrə iki gün davam etdirəcək.