Biologiya fakültəsində “Psixo-genetika və Hüquqi Landşaft” mövzusunda elmi seminar keçirilib

Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Psixo-genetika və Hüquqi Landşaft” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin tələbələri Aysu Xəlilova, Nigar Şirinli və Səccad Məmmədov məruzə ilə çıxış ediblər.
Seminarda psixopatoloji fiziologiyanın hüquq sisteminə təsiri geniş şəkildə təhlil olunub. Məruzəçilər bipolyar pozuntu və şizofreniya kimi ağır psixi xəstəliklərin beyin strukturlarında yaratdığı dəyişiklikləri, bu dəyişikliklərin davranış motivasiyasına və qərar qəbuletmə proseslərinə təsirini elmi faktlarla izah ediblər.
Təqdimat zamanı beynəlxalq praktikada tətbiq edilən MPE kimi konsepsiyaların məhkəmə proseslərində rolu, psixoloji və neyrobioloji fərqliliklərin hüquqi qiymətləndirilməsi və şəxsin cinayət məsuliyyətinin müəyyənləşdirilməsində psixo-genetik meyillərin nəzərə alınmasının mümkün mexanizmləri müzakirə olunub.
Məruzəçilər cəza və terapiya sistemləri arasında elmi əsaslara söykənən, humanist və balanslı yanaşmanın zəruriliyini xüsusi vurğulayıblar. Seminar genetik meyllərin insan davranışına təsirini qəbul edən, daha ədalətli və müasir hüquq modelinin perspektivlərinə dair fikir mübadiləsi ilə yekunlaşıb.