Biologiya fakültəsində Peptid təbiətli antibiotiklərin tədqiqi ilə bağlı tədqiqatlar aparılır

Biologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Peptid təbiətli antibiotiklərin tətbiq perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədovun moderatorluğu ilə baş tutmuşdur. Dəyirmi masada fakültə rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin direktoru Əli Quliyev iştirak etmişdir. Qonaq məruzəçi mövzunun müasir elmi və praktik aktuallığını əsaslandıraraq geniş təqdimatla çıxış etmiş, aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, peptid təbiətli antibiotiklər mikroorqanizmlərə qarşı yüksək selektivlik və güclü antimikrob təsir xüsusiyyətlərinə malik perspektivli maddələr sırasına daxildir. Bildirilmişdir ki, bu birləşmələr əsasən bakteriya hüceyrə membranının zədələnməsi və ya hüceyrədaxili hədəflərə təsir mexanizmi vasitəsilə fəaliyyət göstərir. Bu isə antibiotiklərə qarşı rezistentliyin formalaşma ehtimalının azalmasına şərait yaradır və onların alternativ terapevtik vasitə kimi əhəmiyyətini artırır.
Eyni zamanda, müasir dövrdə antibiotiklərə qarşı davamlılığın sürətlə artmasının peptid əsaslı preparatlara elmi marağı daha da gücləndirdiyi vurğulanmışdır. Peptid antibiotiklərin tibb sahəsi ilə yanaşı, baytarlıq və qida sənayesində də geniş tətbiq imkanlarına malik olduğu qeyd edilmişdir. Bununla belə, onların sabitlik, potensial toksiklik və yüksək istehsal xərcləri kimi müəyyən məhdudiyyətləri də diqqətə çatdırılmışdır. Gələcək tədqiqat istiqamətləri kimi peptidlərin struktur modifikasiyası, stabilliyin artırılması və yeni nəsil çatdırılma sistemlərinin işlənib hazırlanması xüsusi olaraq qeyd edilmişdir ki, bu da onların klinik praktikada tətbiq imkanlarını genişləndirə bilər.
Tədbir çərçivəsində tədris prosesində bu istiqamət üzrə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və magistrantların gənc tədqiqatçı kimi layihələrə daha fəal cəlb olunmasının vacibliyi vurğulanmışdır.
Dəyirmi masa geniş elmi diskussiya və fikir mübadiləsi şəraitində başa çatmışdır.