Biologiya fakültəsində pambıq genotiplərində fitohormonların roluna dair elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Pambıq genotiplərinin göbələk xəstəliklərinə qarşı tolerantlığın yaranmasında fitohormonların rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.Seminar Biologiya fakültəsinin dissertantı Əmrahov Nurlan Rəşid oğlu tərəfindən təqdim olunub. O, tədqiqatını Verticillium dahliae patogen göbələyinin və ağır metalların pambıq bitkisinin məhsuldarlığına təsiri, həmçinin bu təsirlərin azaldılmasında fitohormonların roluna həsr edib.Tədqiqat çərçivəsində salisil turşusu, kinetin, indol-3-sirkə turşusu və onların qrafen oksidi ilə nanoansambllarının pambıq bitkisinin morfoloji, fizioloji və biokimyəvi göstəricilərinə təsiri araşdırılıb. Nəticələr göstərib ki, bu birləşmələr bitkilərdə antioksidant sistemin aktivliyini artırır, oksidləşdirici stresə qarşı davamlılığı yüksəldir və patogenə qarşı qorunmanı gücləndirir.Seminarda qeyd olunub ki, əldə edilən nəticələr pambıqçılıqda biotik və abiotik stress amillərinə qarşı davamlı sortların yaradılması, ekoloji cəhətdən təhlükəsiz biostimulyatorların hazırlanması və kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni imkanlar açır.Tədbir elmi müzakirələr və fikir mübadiləsi ilə yekunlaşıb.