Biologiya fakültəsində online seminar keçirildi
Bakı Dövlət Universitetində ” Fərdləşdirilmiş molekulyar xərçəng diaqnostikası terapiyası” mövzusu müzakirə edilmişdir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fakültənin məzunu, hazırda Almaniyanın - Rostok Universiteti, urologiya və nüvə təbabəti kafedrasının yuniyor PhD Dr.rer.med Mehrab Quliyev “Fərdləşdirilmiş molekulyar xərçəng diaqnostikası” mövzusunda elmi seminar təqdim etdi.
Məruzəçi müasir dövrdə istifadə olunan və tumor toxumalarını hədəfləyən diaqnostika və müalicə metodlarının yüksək həssaslıq və spesifikliyə sahib olmalarından və onların karsinogenez prosesinin nəticəsi olaraq ortaya çıxan morfoloji və genetik heterogenlik, proqnozlaşdırılması mümkün olmayan bir şəkildə preparatların təsir mexanizminlərinin neytrallaşdırılması haqqında auditoriyaya geniş məlumat verdi.
O məruzəsində qeyd etdi ki, re-differensiasiya və gen requlyasiyasının nəticəsi olaraq immun sisteminin susdurulmasının müşahidə olunması tumor hüceyrələrinin yüksək sürətlə bölünməsini, tumor toxumasının həcminin artması və maniəsiz olaraq metastazlaşmanı şərtləndirir. Son 10 ildə onlarla yeni preparatlar onkoloji xəstələrin müalicə və diaqnostikasında tətbiq olunsa da yüksək tumor həssaslığı və spesifikliyə sahib maddələrin tədqiqatı və təkmilləşdirilməsi Molekulyar Onkologiyanın və Nuklear Tibbin əsas prioriteti olaraq qalmaqdadır.
Tumor toxumalarının fasiləsiz çoxalma və sürətli metabolizma, re-differensiasiya özəllikləri xəstəliyə qarşı müalicənı çətinləşdirsə də, sadəcə tumor toxumaları üçün spesifik olan hüceyrə səthi və sitoplazmatik molekullarının expressiyasına yol açır ki, bu da xərçəng hüceyrələrinə qarşı mübarizədə effektiv strategiya olaraq yüksək həssaslığa sahib molekulların dizaynı üçün istifadə olunur.
Mehrab Quliyev belə molekullardan birinin triptofan amin turşusu olduğunu və yüksək İDO (triptofanı substrat olaraq tanıyan enzim) enzim expressiyasına uyğun olaraq normal hüceyrələrlə müqayisədə tumor hüceyrələri tərəfindən yüksək miqdarda istifadə olunması haqqında geniş məlumat verdi. O qeyd etdi ki, triptofan molekulunda müxtəlif səviyyələrdə yer alan karbon atomlarının radioaktiv atomlarla işarələnərək sintez olunan Radipharmaka, Tracer bu cür stategiyalardandır və malign tumorların müalicə və diaqnostikası üçün əlverişli şərait yaradır.
Məruzəçi digər tumor spesifik molekullardan birinin PSMA-nın , prostat vəzi xərçəngi hüceyrələrinin səthində yerləşməsi və karsinogenez nəticəsində yüksək miqdarda expressiya olunması haqqında məlumat verdi. O xüsusi olaraq qeyd etdi ki, PSMA-molekulunu hədəfləyən yüksək spesifikliyə malik peptidlə, bu cür xərçəng hüceyrələrini apaptoza uğradılması və sıradan çıxarılması mümkündür. Bu cür peptid əsaslı və PSMA-spesifik liqandlar, radiaktiv 18-F, 177-Lu atomları ilə işarələnərək Nuklear Tibb-də geniş istifadə olunur və yüksək həssaslıqla diaqnostika və terapiyanı mümkün edir.Sonda məruzəçi onlayn iştirakçıların suallarını cavablandırdı.