Biologiya fakültəsində növbəti elmi seminar keçirilib

Bakı Dövlət Universiteti Biologiya fakültəsinin ICESCO-nun Biotibbi Materiallar kafedrasının dosenti Samirə Şəfiyevanın məruzəsi ilə elmi seminar təşkil olunub. Seminar “Su ekosistemlərinin özünütəmizlənməsində mikrob icmalarının rolu” mövzusuna həsr edilib.
Məruzədə su ekosistemlərində mikrob icmalarının — bakteriyalar, arxeylər, fitoplankton, zooplankton və mikroskopik göbələklərin — maddələrin dövranında və ekoloji tarazlığın qorunmasında aparıcı rol oynadığı vurğulanıb. Qeyd olunub ki, bu mikroorqanizmlər çay, göl və dəniz ekosistemlərində özünütəmizlənmə proseslərini təmin edərək üzvi və qeyri-üzvi çirkləndiricilərin parçalanmasında fəal iştirak edirlər.
Bildirilib ki, mikrob müxtəlifliyinin yüksək olması suyun keyfiyyətinin bərpasını, oksigen balansının tənzimlənməsini və çirklənmənin ekoloji təsirlərinin azalmasını sürətləndirir. Seminarın sonunda mikrob icmalarının ekoloji reabilitasiya və biotexnoloji yanaşmalar üçün mühüm elmi baza yaratdığı qeyd olunub.
Seminarda müvafiq kafedraların professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər, mövzu ətrafında qısa müzakirələr aparılıb.