Biologiya fakültəsində nanohissəciklərin təsir effektləri araşdırılır
-lg.jpg)
Biologiya fakültəsində Biofizika və biokimya kafedrasının doktorantı Aysel Hacıyevanın təqdimatı ilə“Dəmir nanohissəciklərinin adi çəkinin (Cyprinus carpio L., 1758) daxili orqanlarına və embrional inkişaf mərhələlərinə təsiri” mövzusunda elmi seminar təşkil olunub. Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.
Seminar çərçivəsində mövzu aparılmış tədqiqatın nəticələri təqdim edilib. Araşdırmada akvakultura şəraitində yetişdirilən adi çəkinin nazik bağırsağı və qaraciyərində dəmir oksidi nanohissəciklərinin (Fe₃O₄) bioakkumulyasiya xüsusiyyətləri, eləcə də embrional inkişafa təsiri işıq və elektron mikroskopiya üsulları ilə qiymətləndirilib. Nəticələr mikrovillilərin dağılması, sitoplazmatik ödem, mitoxondrilər və damar endotelində zədələnmələr kimi mühüm patomorfoloji dəyişikliklərin mövcudluğunu göstərib; nanohissəciklərin enterositlərə, hepatositlərə və eritrositlərə nüfuz edərək müxtəlif toxumalarda sistemli şəkildə toplandığı müəyyən edilib.
Eyni zamanda, embrional inkişaf üzrə aparılan təcrübələrdə Fe₃O₄ nanohissəciklərinin 0,001 q miqdarında mayalandırmadan əvvəl spermaya əlavə olunmasının mayalanma faizini və sağlam embrionların çıxışını 12–14 % artırdığı qeyd olunub. Təqdim edilən nəticələr balıqların süni artırılmasının müxtəlif mərhələlərində nanohissəciklərin toksikliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, akvakultura praktikasında tətbiq potensialına malikdir.
Seminar iştirakçıları mövzunun elmi yeniliyi və praktiki əhəmiyyətini vurğulamış, nanohissəciklərlə bağlı potensial risklərin, eləcə də onların ətraf mühit və su ekosistemlərinə mümkün təsirlərinin daha dərindən araşdırılmasının vacibliyini qeyd ediblər.