Biologiya fakültəsində “Mix Talent” adlı yeni il tədbiri keçirilib

Biologiya fakültəsində Bioteam tələbə klubunun təşkilatçılığı ilə “Mix Talent” adlı yeni il tədbiri keçirilib. Yeni il ab-havasında baş tutan tədbir fakültənin tələbə və müəllim heyətini bir araya gətirərək yaradıcılıq, istedad və səmimi ünsiyyət mühitində yadda qalan anlarla müşayiət olunub.
Tədbirdə çıxış edən Biologiya fakültəsinin dekanı Afət Məmmədova qeyd edib ki, tələbələrin yalnız akademik biliklərlə deyil, eyni zamanda yaradıcılıq və sosial bacarıqlarla formalaşması müasir ali təhsilin əsas tələblərindəndir. O vurğulayıb ki, “Mix Talent” kimi təşəbbüslər tələbələrin özünüifadə imkanlarını genişləndirir, onların fakültə həyatında daha fəal iştirakını stimullaşdırır və sağlam akademik-mədəni mühitin formalaşmasına mühüm töhfə verir. Dekan tələbə təşəbbüslərini yüksək qiymətləndirərək bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov isə çıxışında Bioteam klubunun təşkilati fəallığını və tələbələrin yaradıcılıq potensialını yüksək dəyərləndirib. O qeyd edib ki, bu tip tədbirlər tələbələrin komandada işləmə, ünsiyyət qurma və öz bacarıqlarını nümayiş etdirmə imkanlarını artırır, eyni zamanda fakültə daxilində birlik və həmrəylik mühitini gücləndirir. Rövşən Xəlilov tələbələri bu cür təşəbbüslərdə daha fəal olmağa çağıraraq onlara uğurlar arzulayıb.
Tədbirin proqramı çərçivəsində tələbələrin iştirakı ilə musiqi nömrələri, şeir səsləndirilməsi, rəqs və digər yaradıcı çıxışlar təqdim olunub. Rəngarəng proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb və yeni il ovqatının paylaşılması üçün xoş fürsət yaradıb.