Biologiya fakültəsində milli-mənəvi dəyərlərə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Milli Mənəvi Dəyərlərimiz” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbir 172A qrupunun tələbələrinin təşəbbüsü və aktiv iştirakı ilə təşkil olunub.
Tədbirdə fakültənin rəhbər və müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirin məqsədi Azərbaycan xalqının zəngin milli-mənəvi irsini təbliğ etmək, gənc nəsildə vətənpərvərlik hissini gücləndirmək və milli kimliyə bağlılığı möhkəmləndirmək olub.
Tələbələr tədbir çərçivəsində milli dəyərlərimizin tarixi kökləri, ailə modeli, ədəb və əxlaq anlayışı, milli adət-ənənələr, folklor nümunələri və mədəni irs barədə geniş təqdimatlarla çıxış ediblər. Eyni zamanda şeir nümunələri, musiqi parçaları və maraqlı səhnəciklər tədbirə xüsusi rəng qatıb.
Fakültə rəhbərliyi tədbiri yüksək qiymətləndirərək, tələbələrin bu kimi təşəbbüslərinin davamlı olmasının vacibliyini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.