Biologiya fakültəsində “İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri” mövzusunda vorkşop keçirildi

Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, Botanika və bitki fiziologiyası kafedrasının təşkilatçılığı ilə 17 fevral 2026-cı il tarixində “İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri” mövzusunda beynəlxalq elmi vorkşop keçirilib. Tədbir AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun moderatorluğu ilə baş tutub. Vorkşopun məqsədi iqlim dəyişikliklərinin Qafqaz regionunun ekosistemlərinə, biomüxtəlifliyinə, su rejiminə və kənd təsərrüfatına təsirlərinin elmi əsaslarla təhlili, mövcud risklərin qiymətləndirilməsi və regional əməkdaşlıq çərçivəsində uyğunlaşma yanaşmalarının müzakirəsi olub.
Vorkşopun əsas məruzəçisi Artvin Çoruh Universitetinin Meşə fakültəsi, Meşə mühəndisliyi bölməsi, Torpaq elmi və Ekologiya ana bilim dalının müəllimi Prof. Dr. Aydın Tüfekçioğlu olub. Məruzədə son onilliklərdə temperatur artımı, yağıntı rejimində dəyişikliklər, buzlaq sahələrinin azalması, qar örtüyünün davametmə müddətinin qısalması, alp və subalp ekosistemlərinin yüksəklik üzrə dəyişməsi və biomüxtəliflik üçün yaranan risklər elmi-statistik məlumatlar əsasında təqdim edilib. Eyni zamanda bu proseslərin çay sistemlərinin dinamikasına və su ehtiyatlarının paylanmasına təsiri vurğulanıb.
Tədbirdə Artvin Çoruh Universiteti Meşə fakültəsinin dekanı Prof. Dr. Mehmet Yavuz, Təhsil fakültəsinin dekanı Prof. Dr. Ali Kolomuç, Meşə fakültəsinin müəllimləri Prof. Dr. H. Ahmet Yolaşığmaz, Prof. Dr. Sinan Güner, Prof. Dr. Mustafa Tüfekçioğlu, Xarici əlaqələr üzrə koordinator Doç. Dr. Hakan Gültekin, Arş. Gör. Oğuzhan Bilgili, həmçinin Doç. Dr. Mehmet Küçük və digər alimlər iştirak ediblər.
Vorkşopda BDU Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzov və digər alimlər çıxış edərək mövzunu suallar və müzakirələrlə genişləndiriblər.
Tədbirdə beynəlxalq və yerli elmi-tədqiqat qurumları da təmsil olunub. Özbəkistan Respublikasının Andican Dövlət Universitetinin Ekologiya və Botanika fakültəsi, Özbəkistan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dendrologiya bağı, Qarabağ Universiteti və Bakı Mühəndislik Universitetinin alim və tədqiqatçıları tədbirə qatılıblar.
Elmi diskussiyalarda iqlim dəyişikliklərinin su rejiminə təsiri, su ehtiyatlarının azalması, kənd təsərrüfatı məhsuldarlığı üzrə risklər, ekstremal hava hadisələrinin intensivləşməsi, sel və torpaq sürüşməsi kimi təbii təhlükələrin artması, həmçinin biomüxtəlifliyin qorunması məsələləri təhlil edilib. Adaptasiya və mitigasiya istiqamətində su ehtiyatlarının inteqrə olunmuş idarə olunması, çay ekosistemlərinin bərpası, dağ landşaftlarının və endemik növlərin mühafizəsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və iqlimə davamlı kənd təsərrüfatı texnologiyalarının inkişafı üzrə tövsiyələr irəli sürülüb.
Tədbirin yekununda Qafqaz regionunun biomüxtəliflik baxımından əhəmiyyəti nəzərə alınaraq iqlim risklərinə qarşı tədbirlərin gücləndirilməsi, multidissiplinar elmi yanaşmaların genişləndirilməsi, beynəlxalq akademik əməkdaşlığın artırılması və elmi nəticələrin praktiki tətbiqinin gücləndirilməsinin vacibliyi vurğulanıb.