Biologiya fakültəsində Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatı və BDU Könüllülərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və elmin inkişafında xidmətlərini vurğulayıb. O, eyni zamanda gənclərin elmə marağının artırılması istiqamətində fakültədə həyata keçirilən işlər barədə məlumat verib.
Tədbirdə həmçinin Biologiya fakültəsi Biofizika və Biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov çıxış edərək Heydər Əliyevin elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğını qeyd edib və gənclərə öz elmi fəaliyyətlərində daha fəal olmağı tövsiyə edib.
Daha sonra BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev Heydər Əliyevin tarixi irsi, milli ideologiyanın formalaşması və Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində Biologiya fakültəsinin 4-cü kurs tələbəsi Kəmaləddin Hüseynov Ulu Öndərə həsr olunmuş şeiri səsləndirib.
Sonda tədbirin təşkilatçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.