Biologiya fakültəsində “Baharın Sədası” adlı Novruz tədbiri keçirilib

Biologiya fakültəsində tələbələrin təşəbbüsü ilə “Baharın Sədası” adlı Novruz bayramına həsr olunmuş tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrin nəsildən-nəslə ötürülməsi, tələbələr arasında həmrəylik və vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Tədbirdə fakültənin professor-müəllim heyəti, kafedra müdirləri, doktorant və magistrantlar, həmçinin çoxsaylı tələbələr iştirak ediblər. Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, bu cür tədbirlərin universitet mühitində milli dəyərlərin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində tələbələrin hazırladığı bayram proqramı təqdim olunub, milli rəqslər ifa edilib, Novruz personajlarının maraqlı çıxışları nümayiş etdirilib. Bayram proqramı iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbir Biologiya fakültəsinin tələbə təşəbbüsü ilə fəaliyyət göstərən “Bioteam” klubu tərəfindən təşkil olunub. Tədbir fakültə kollektivi və tələbələrin fəal iştirakı ilə yüksək bayram əhval-ruhiyyəsi şəraitində keçib.