8 Mart münasibətilə “Zərifliyin gücü” adlı bayram tədbiri keçirilib

6 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zərifliyin gücü” adlı bayram tədbiri keçirilib.
Tədbirdə BDU Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev çıxış edərək qadınların cəmiyyətdə, elmdə və təhsildə rolundan, onların zəhməti, əzmkarlığı və mənəvi gücündən danışıblar. Çıxışlarda qadınların yalnız ailədə deyil, həm də elmi və ictimai mühitdə mühüm yer tutduğu xüsusi vurğulanıb.
Tədbir çərçivəsində fakültənin ictimai həyatında və tələbə fəaliyyətində fəallığı ilə seçilən bir qrup aktiv tələbə təltif olunub.
Bayram proqramının bədii hissəsi Bioteam klubunun təşkilatçılığı ilə təqdim edilib. Proqramda rəqs nömrələri, bədii qiraət, səhnəciklər, eləcə də milli və xarici musiqilərin tələbələr tərəfindən canlı ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Zərifliyin gücü” adlı tədbir iştirakçılara xoş ovqat bəxş etməklə yanaşı, qadınların cəmiyyətdəki əvəzsiz roluna bir daha diqqət çəkib.