Biologiya fakültəsində bakalavrların buraxılış işlərinin müdafiəsinə start verilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi prosesinə başlanılıb. Müdafiələr 30 iyun - 10 iyul 2025-ci il tarixləri arasında keçirilir və ümumilikdə 152 tələbəni əhatə edir. Tədbir çərçivəsində Biologiya, Biotexnologiya, Bitki mühafizəsi və Su bioehtiyatları və akvakultura ixtisasları üzrə ixtisaslaşdırılmış komissiyalar fəaliyyət göstərir.
Komissiyaların rəhbərləri müvafiq sahələr üzrə tanınmış elm və dövlət xadimlərindən ibarətdir. Biotexnologiya ixtisası üzrə komissiyanın sədri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Bitki mühafizəsi ixtisası üzrə komissiyanın sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Biologiya ixtisası üzrə komissiyanın sədri AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun direktoru Oqtay Qasımov, Su bioehtiyatları və akvakultura ixtisası üzrə komissiyanın sədri isə AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Şaiq İbrahimovdur.
Buraxılış işlərinin müdafiəsi prosesinin yüksək səviyyədə və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb. Müdafiələrdə tələbələrin elmi-tədqiqat işlərinə verdikləri töhfə, əldə etdikləri nəticələr və gələcək perspektivlər müzakirə edilir.