Biologiya fakültəsində 27 Sentyabr – Anım Günü tədbiri keçirilib
27 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 27 Sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir keçirilib. Tədbir fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Səhər saatlarında fakültənin müəllim və tələbə heyəti şəhidlərin əziz xatirəsini yad edərək bütün fakültə üzrə 1 dəqiqəlik sükut elan olunub. Daha sonra Biologiya fakültəsinin bir qrup tələbəsi və müəllim heyəti İkinci Fəxri Xiyabanı ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların məzarları önünə gül dəstələri düzüb və onların ruhuna ehtiramlarını bildirib.
Fakültədə davam edən xatirə tədbirinə Biologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr və həmçinin antiterror əməliyyatlarında iştirak etmiş tələbələr də qatılıb. Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra tələbələrin təqdim etdiyi ədəbi-bədii hissə ilə davam etdirilib. Şeirlər, xatirə çıxışları və musiqi parçaları şəhidlərin qəhrəmanlığını, onların vətən sevgisini ifadə edən emosional məqamlarla tədbirə xüsusi ab-həva qatıb.
Biologiya fakültəsinin rəhbərliyi tədbirin sonunda çıxış edərək şəhidlərin xatirəsinin daim əziz tutulacağını, gənc nəslin onların qəhrəmanlığını unutmadan vətənə sədaqətlə xidmət göstərəcəyini vurğulayıb.
Bu Anım Günü tədbiri fakültə kollektivi və tələbələr üçün həm vətənpərvərlik ruhunu gücləndirən, həm də şəhidlərimizin unudulmaz xidmətlərinə ehtiramın bariz nümunəsi kimi yadda qaldı.