20 Yanvara həsr olunmuş "Anım" tədbiri keçirilmişdir
19 yanvar 2023-cü il tarixində Biologiya fakültəsində Biologiya THİK, BDU Biologiya Könüllüləri, Biologiya TGT-nın təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş Anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru Elçin Babayev açaraq 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu olduğunu qeyd etmişdir. O bildirmişdir ki, bu il 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edirik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edəcəyik.
Fakültə dekanı Afət Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi olmuşdur. Bundan sonra BDU THİK-nin sədri Hacıbaba Mustafayev çıxış edərək bildirmişdir ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar.
Daha sonra Qarabağ müharibəsi iştirakçısı, ilk snayperçi kəşfiyyatçı qadın, Növrəstə Yusifova çıxış edərək, həmin gecə şahidi olduğu hadisələrdən söhbət açmışdır. Çıxışının sonunda Növrəstə xanım bildirmişdir ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sonra Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Tədbirin sonunda tələbələr Kəmaləddin Hüseynov və Nilufər Bağırovanın ifasında Hüzn gününə aid şerlər səsləndirilmişdir.