Biologiya fakültəsi xarici universitetlərlə tədqiqat əməkdaşlığını genişləndirir
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tədqiqatçıları dissertasiya işlərinin bir hissəsini xarici universitetlərdə həyata keçirərək elmi biliklərini və praktiki bacarıqlarını zənginləşdirirlər.
Türkiyə Bursları proqramı çərçivəsində fakültə əməkdaşlarından biri “Kəskin limfoblastik leykemia xəstəliyinin effektiv müalicəsinə yeni yanaşmaların tədqiqi” mövzusu üzrə Türkiyənin İzmir şəhərində yerləşən İzmir Yüksək Texnologiyalar İnstitutunda (İYTE) tədqiqat aparmışdır. Molekulyar Biologiya və Genetika Departamentində keçirilən bu iş zamanı müasir laboratoriya avadanlıqlarından istifadə olunmuş, nəzəri və praktiki biliklər əhəmiyyətli dərəcədə artırılmışdır.
Eyni zamanda fakültənin Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva Karadeniz Texniki Universitetinin (KTÜ) Molekulyar Biologiya və Genetika kafedrasında elmi tədqiqat işi aparmışdır. Dosent Murat Erdem Güzel ilə birgə həyata keçirilən layihə Azərbaycanda yayılan Diospyros L. (Ebenaceae) cinsinə aid növlərin genetik polimorfizminin və filogenetik əlaqələrinin ISSR, ScOT və ITS markerləri əsasında öyrənilməsini əhatə edir. Araşdırmanın Azərbaycanın florasında Diospyros növlərinin genetik müxtəlifliyi və təkamül əlaqələrinin müəyyən edilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Bu cür beynəlxalq əməkdaşlıqlar fakültənin gənc alim və tədqiqatçılarına müasir elmi metodologiyaları mənimsəmək, qabaqcıl laboratoriya imkanlarından yararlanmaq və elmi əlaqələr qurmaq üçün geniş imkanlar açır.