Biologiya fakültəsi üzrə “Bir hüceyrədən bugünə: İnsan təkamülü” mövzusunda elmi-maarifləndirici təlim keçirilib
“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə “Bir hüceyrədən bugünə: İnsan təkamülü” mövzusunda elmi-maarifləndirici təlim keçirilib.
Təlimdə professor, biologiya üzrə elmlər doktoru Məcnun Babayev insanın təkamülü prosesinə dair əhatəli çıxış edib. O, həyatın yer üzündə yaranmasından başlayaraq, insanın təkamül mərhələlərinə qədər uzanan uzun və mürəkkəb inkişaf yolunu iştirakçılara elmi faktlar əsasında izah edib.
Təlim çərçivəsində ilkin hüceyrəvi həyat formalarının yaranması, təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli canlılara keçid, müxtəlif hominid növlərinin meydana çıxması və Homo sapiens-in formalaşması kimi əsas mərhələlər ətraflı şəkildə təhlil olunub.
Təlim interaktiv formatda keçirilib — iştirakçılar və könüllülər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb. Eyni zamanda təkamül nəzəriyyəsinin tarixi inkişafına da toxunaraq,müasir biologiyada təkamülün sübutları, insanın genetik təkamülü və müasir dövrdə bu sahədə aparılan multidissiplinar araşdırmalar barədə də məlumatlandırılıb.