Biologiya fakültəsi məzun günündə aktiv mövqedə

2026-cı İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edərək bildirib ki, Məzun Günü onların həyatında yeni mərhələnin, Vətənə və cəmiyyətə xidmət missiyasının başlanğıcıdır. Rektor məzunlara universitetdə qazandıqları bilik və bacarıqlardan ölkənin inkişafı naminə istifadə etməyi, peşəkarlıq və məsuliyyət prinsiplərinə daim sadiq qalmağı tövsiyə edib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, yerli və xarici universitetlərin rəhbərləri, BDU-nun müəllimləri, tələbələri və məzunları iştirak ediblər. Çıxış edən qonaqlar məzunları təbrik edib, onlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıblar.
2025/2026-cı tədris ilində Biologiya fakültəsi üzrə ümumilikdə 304 tələbə məzun olub. Onlardan 252 nəfəri bakalavriat, 52 nəfəri isə magistratura səviyyəsində təhsilini başa vurub.
Bakalavriat səviyyəsində Biologiya, Biologiya müəllimliyi, Biotexnologiya, Su bioehtiyatları və akvakultura, Qida mühəndisliyi və Bitki mühafizəsi olmaqla 6 ixtisas üzrə məzunlar hazırlanıb. Magistratura səviyyəsində isə Biologiya və Su bioehtiyatları və akvakultura ixtisaslarının 20 ixtisaslaşması üzrə 52 tələbə məzun adını qazanıb.
Biologiya fakültəsinin yüksək akademik nəticələri ilə fərqlənən məzunları – Molekulyar biologiya ixtisaslaşması üzrə magistr Sona Əmiraslanova 98,24, Qida mühəndisliyi ixtisası üzrə Nəzrin Aslanzadə isə 94,47 ÜOMG ilə təhsilini başa vurub. Hər iki məzun Məzun Günündə BDU-nun rektoru Elçin Babayev tərəfindən mükafatlandırılıb.
Tədbir məzunların təltif olunması və konsert proqramı ilə davam edib.