Biologiya fakültəsi Elmi şurasının növbəti iclasında mühüm məsələlər müzakirə olunub
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində 18 sentyabr 2024-cü il tarixli "Xalq qəzeti"ndə dərc edilmiş elana əsasən, Genetika kafedrasının müdiri vəzifəsinə müsabiqənin keçirilməsi də yer alıb. Eyni zamanda, Biotexnologiya ixtisaslaşması üzrə HUJİ dövlət proqramı əsasında II kurs magistrantların mövzuları və elmi rəhbərləri təyini, 2024-cü ildə kafedralarda aparılan elmi tədqiqat işlərinin mühüm nəticələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunması, fəlsəfə doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların illik attestasiyası, fakültənin və kafedra müdirlərinin illik fəaliyyət planı da geniş müzakirəyə çıxarılıb.
Genetika kafedrasının müdiri vəzifəsinə müsabiqənin keçirilməsi məqsədilə gizli səsvermə ilə seçki keçirilib. Nəticəyə əsasən biologiya elmləri doktoru, professor Kamilə Əliyeva yekdilliklə Genetika kafedrasının müdiri vəzifəsinə seçilib. Bu təyinatla Genetika kafedrasının inkişafı istiqamətində mühüm addımlar atılacağı gözlənilir.
İclasın sonunda IV kurs bakalavr tələbələrinin buraxılış işlərinin mövzuları təsdiq edilib və digər cari məsələlərə baxılıb.